QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün əsasən yağıntısız keçəcəyi, səhər isə bəzi ərazilərdə yağış yağacağı proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Güclü qərb və şimal-qərb küləyinin gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcəyi bildirilir. Paytaxt və Abşeronda havanın temperaturu gecə 10-15, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 752 mm civə sütunundan 761 mm-ə yüksələcəyi, nisbi rütubətin isə 50-60 faiz təşkil edəcəyi gözlənilir.

Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.

Rayonlarda mülayim qərb küləyi əsəcək, bəzi ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21 dərəcə isti olacaq. Dağlarda gecə 0-5, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.