QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının bəzi yaşayış məntəqələrində torpağın geoloji quruluşu, yeraltı sular, relyef və sıx tikinti sürüşmə ehtimalını artıran amillərdir. Yamaclarda və sürüşmə sahələrinin yaxınlığında yerləşən evlərlə bağlı narahatlıqlar vaxtaşırı gündəmə gəlir.
Əmlak eksperti Elnur Azadov bildirib ki, paytaxtda daha riskli ərazilər əsasən yamaclarda yerləşir. Onun sözlərinə görə, Badamdar qəsəbəsinin bəzi hissələri bu baxımdan xüsusilə həssasdır.
Azadov Bayıl qəsəbəsinin ayrı-ayrı sahələrini və 20-ci Sahə yaşayış massivinin ətrafını da təhlükəli zonalar sırasında göstərib. Yeni Yasamalın müəyyən nöqtələrində, həmçinin Yasamal rayonunun başqa yamac hissələrində və Xətai rayonunun bəzi ərazilərində də sürüşmə riski var.
Ekspert qeyd edib ki, təhlükə səviyyəsi bütün ərazilərdə eyni deyil. Sürüşmə ehtimalına yerin relyefi, yamacın geoloji xüsusiyyətləri və torpaq qatının vəziyyəti təsir göstərir.
Bundan əvvəl Səbail rayonundakı Badamdar sürüşmə sahəsinə, Badamdar şosesinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçiriblər. Son vizual müşahidə zamanı sürüşmə prosesinin aktiv fazada olduğu müəyyən edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə prosesin dinamikasının və aktivliyinin arta bilməsi nəzərə alınaraq, ərazidəki insanların təhlükəsiz yerə köçürülməsi, eləcə də yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün tədbirlər görülməsi istənilib.