QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilərin XXI, qadınların isə XII dünya çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Yarış Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılara çempionatın gedişini və yadda qalan anlarını əks etdirən video təqdim olunub. Çarxı FHN-in İctimaiyyətlə əlaqələr şöbəsi hazırlayıb.

Fövqəladə hallar nazirinin müavini, general-mayor Yusif Nəbiyev çıxışında dövlətin idmana göstərdiyi dəstəkdən danışıb. O, yanğın-xilasetmə idmanının əməkdaşların fiziki hazırlığını və peşə bacarıqlarını inkişaf etdirməkdə rolunu vurğulayıb. Nəbiyevin sözlərinə görə, iştirakçılar yarışlarda çeviklik, dəqiqlik, dözümlülük və komanda ruhu ilə yanaşı yüksək fiziki hazırlıq nümayiş etdiriblər. O, çempionatın idman nəticələri ilə bərabər, dostluq münasibətlərinin qurulması və peşəkar əməkdaşlığın möhkəmlənməsi üçün də əhəmiyyətini qeyd edib.

Nazir müavini yarışların təşkilinə dəstək verən Beynəlxalq İdman Federasiyasına, milli federasiyalara, hakimlərə və mütəxəssislərə təşəkkür edib. Ardınca komandaların ümumi nəticələr üzrə mükafatlandırılması keçirilib.

Qadınlar arasında birinci yeri Rusiya, ikinci yeri Belarus, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Qalib ölkənin Dövlət Himni səsləndirilib, qadın komandaların məşqçilərinə də mükafatlar təqdim olunub.

Kişilərin yarışında da eyni nəticə qeydə alınıb: Rusiya birinci, Belarus ikinci, Qazaxıstan üçüncü olub. Qalib ölkənin himnindən sonra kişilərdən ibarət komandaların məşqçiləri mükafatlandırılıb. Tədbirdə çempionatın bayrağının növbəti təşkilatçıya verilməsi mərasimi də keçirilib.

Beynəlxalq İdman Federasiyasının İcraiyyə Komitəsinin direktoru Andrey Kalinin çempionat üçün yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını çatdırıb. Bayrağı Yusif Nəbiyev Belarusun fövqəladə hallar nazirinin birinci müavini, daxili xidmət polkovniki Sergey Lapanoviçə təqdim edib. Lapanoviç də təşkilatçılığa və iştirakçılar üçün yaradılmış imkanlara görə Azərbaycana təşəkkür edib.

Federasiyanın prezidenti Aleksandr Çuprian Bakıda keçirilən çempionatın yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə və yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və dünya çempionatını bağlı elan edib.

Tədbirdə FHN-in bir qrup əməkdaşı qarşılıqlı əlaqələrin genişləndirilməsinə verdiyi töhfəyə görə Beynəlxalq İdman Federasiyasının medalları ilə təltif olunub. Sonda 8 Noyabr – Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Bağlanış mərasimi konsert proqramı ilə yekunlaşıb.