QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda avtomobil yolunun hərəkət hissəsində dərin çuxur yaranıb.
Çuxur Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa şosesi ilə birləşdiyi ərazidə qeydə alınıb. Yağışdan sonra çuxur su ilə dolaraq gölməçəyə çevrilib və onun dərinliyini görmək çətinləşib. Bu səbəbdən sürücülər ora düşməmək üçün nəqliyyat vasitələrini sağa və ya sola yönəltməli olurlar.
“Balaxanı svetoforu”ndan “Koroğlu” metro stansiyası istiqamətində, Sabunçu-Zabrat şosesi boyunca uzanan yol səhərlər nəqliyyat sıxlığının yarandığı əsas marşrutlardandır. Gediş-gəlişin intensiv olduğu qovşaqdakı maneə səhər tıxaclarını daha da artırır.
Sürücülər aidiyyəti qurumlardan çuxurun qısa zamanda doldurulmasını və asfaltlanmasını istəyirlər.