QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Həsən Mansurov süni intellektin kiberhücumların idarə edilməsində rolunun artdığını bildirib. O, bu fikirləri Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda səsləndirib.
Mansurovun sözlərinə görə, beynəlxalq hesabatlarda əməliyyatın əsas hissəsini süni intellektin həyata keçirdiyi kiberhücumlar qeydə alınır. Hücumların bir neçə dəqiqəyə baş verdiyini, diplomatik cavabın isə həftələrlə çəkə bildiyini deyən rəis müavini bu zaman fərqinin azaldılmasını kiberdiplomatiyanın yeni vəzifəsi kimi dəyərləndirib.
O qeyd edib ki, kibertəhlükəsizlik riskləri müdafiə imkanlarından daha sürətlə artır və qlobal proqnozlar bu sahədəki gözləntilərlə uyğun gəlmir.
Mansurov yeni risklər arasında kvant texnologiyalarının potensialını da göstərib. Onun bildirdiyinə görə, hazırda şifrələnmiş məlumatlar toplanaraq gələcəkdə yeni nəsil kompüterlərlə açılması üçün saxlanılır. Buna görə beynəlxalq standartlaşdırma qurumları kvantsonrası kriptoqrafiyaya keçidin indidən başlanmasını tövsiyə edirlər.
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır”, – deyə o vurğulayıb.
Bakı “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” adlı yüksəksəviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir.