QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Xalq artisti Könül Xasıyevanın pabın açılış mərasimində muğam ifa etməsi sosial şəbəkələrdə müzakirə doğurub. İfa birmənalı qarşılanmayıb: istifadəçilərin bir qismi sənətçiyə dəstək verib, digərləri isə Xalq artistinin bu tip məkanlarda çıxış etməsini uyğun hesab etməyib.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da məsələ ilə bağlı açıqlamasında Xasıyevanın həmin tədbirdə səhnəyə çıxmasını dəstəkləmədiyini deyib.

Akimovanın sözlərinə görə, gənclərin muğama maraq göstərməsi, milli musiqi dəyərlərini mənimsəməsi müsbət haldır. Bununla belə, sənətin təqdim olunduğu yerə də diqqət yetirilməlidir.

“Videonu izləmişəm. Gənclərin muğama yönəlməsi, bu dəyərləri mənimsəyib qoruması baxımından müsbət məqamlar görmək mümkündür. Ancaq Könül Xasıyeva kimi sənətkarın belə yerlərdə çıxış etməsini qəbul etmirəm. Məncə, məkan məsələsinə daha diqqətlə yanaşmaq lazımdır. Sənət adamları ifalarını istənilən yerdə təqdim etməməli, sənətin ucalığını qorumalıdırlar”, – deputat bildirib.

O, əvvəlki dövrlərdə sənət ilə toy məclisləri arasındakı fərqin artdığını və müğənnilərin çoxunun toylara getmədiyini xatırladıb. Akimova əlavə edib ki, sənəti yüksəltməkdən danışıldığı vaxt pabda və bu cür açılışlarda sənətkarların çıxışı ürəkaçan görünmür.