QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyəli aktrisa Gonca Vuslateri sənət seçiminə anasının təsir göstərdiyini söyləyib.

Vuslateri aktyor Enis Arıkanın Kafa TV-də yayımlanan “Boş Ders” proqramında qonaq olub. Uşaqlıq dövründən bəhs edən aktrisa anasının övladlarının incəsənətlə məşğul olmasını istədiyini qeyd edib. O, anasının onları balaca yaşlarından teatr tamaşalarına apardığını, səhnəarxası ilə tanış etdiyini deyib.

Aktrisanın sözlərinə görə, anası dərslə məşğul olduğu vaxtlarda belə onun gələcəkdə aktyor olacağını düşünürdü. Vuslateri bildirib: “Anam övladlarının sənət adamı olmasını istəyən qadın idi. Çox kiçik yaşlarımızdan bizi teatrlara aparır, kulislərə salırdı. Riyaziyyat oxuyanda otağıma gəlib deyirdi: ‘Sən onsuz da aktrisa olacaqsan, qızım, niyə riyaziyyat oxuyursan?’ Mən də düşündüm ki, aktrisa olacağam və riyaziyyata o qədər vaxt ayırmadım. Nəticədə anamın övladlarından biri aktrisa, digəri isə musiqiçi oldu”.

Proqramda Vuslateri müğənni Çelikə bəslədiyi heyranlıqdan da danışıb. O, yeniyetmə vaxtı otağında müğənninin posterlərini saxladığını və ona böyük rəğbət göstərdiyini bildirib.

Aktrisa illər sonra Çelikin konsertində onunla rastlaşdığını da xatırlayıb. Müğənninin onu görüb səmimi salamladığını, lakin həyəcanlandığı üçün həmin anda sərbəst danışa bilmədiyini deyib.