QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Uşaq Fondunun “Hökumət evi”ndə yerləşən sahəsinin boşaldılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Qurumun yaydığı məlumata əsasən, tarixi memarlıq abidəsi sayılan binada aparılan monitorinqlər zamanı Fondun istifadəsinə verilmiş sahənin təyinatı üzrə səmərəli işlədilmədiyi, ayrılmış ərazinin yalnız bir hissəsindən yararlanıldığı müəyyən olunub. Həmçinin Fondun üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəmədiyi və 2026-cı il üçün kommunal-istismar müqaviləsini rəsmiləşdirməkdən imtina etdiyi bildirilib.

Xidmətdən qeyd edilib ki, Fondun nümayəndələrinə borcun bağlanması və sahədən səmərəli istifadə ilə bağlı dəfələrlə xəbərdarlıq olunub, lakin tədbir görülməyib. Buna görə ayrılmış ərazinin bir hissəsi boşaldılıb. Fonda məxsus əşyalar isə nümayəndələrinin iştirakı ilə, zərər dəymədən sahənin digər hissəsinə daşınıb.

Bu gün bəzi sayt və sosial media hesablarında Azərbaycan Uşaq Fondunun “Hökumət evi”ndəki ofisinin boşaldıldığı barədə məlumatlar yayılmışdı. Fond sədrinin birinci müavini və icraçı direktoru, musiqiçi Zəhra Bədəlbəyli Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının heç bir sənəd təqdim etmədən ofisin boşaldılmasını tələb etdiyini demişdi.

Zəhra Bədəlbəyli iki ay əvvəl də video müraciətində Fondun ofisinin əllərindən alınacağını bildirmişdi.