QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa elektrik avtomobillərinin idxalına tətbiq olunan vergi güzəştlərinin məhdudlaşdırılmasını tənqid edib.

Deputatın sözlərinə görə, bir çox ölkə ekoloji cəhətdən təmiz nəqliyyata keçidi sürətləndirmək və elektrik avtomobillərinə tələbatı artırmaq üçün vergi güzəştlərindən yararlanır. Bu siyasət elektrik avtomobillərinin istehsalını və istifadəsini genişləndirməyə, daxiliyanma mühərrikli nəqliyyat vasitələrini isə mərhələli şəkildə bazardan çıxarmağa yönəlib.

Fazil Mustafa bildirib ki, idxalı məhdudlaşdıran vergilərə əsasən, yerli istehsal bazarını qorumağa çalışan azsaylı avtomobil istehsalçısı ölkələrdə rast gəlinir. Onun qeyd etdiyi kimi, bu yanaşma həmin ölkələrin sənaye strategiyasına uyğundur.

Deputat diqqətə çatdırıb ki, Azərbaycana elektrik avtomobillərinin gətirilməsi ötən ilədək vergidən azad idi, lakin bu ildən güzəştlər məhdudlaşdırılıb. O, qərarın ölkənin iqtisadi imkanlarına və avtomobil bazarına ciddi təsir göstərəcəyini vurğulayıb.

Fazil Mustafanın fikrincə, yeni vergilər idxal edilən elektrik avtomobillərinin qiymətini artırır və bahalaşma artıq bazarda görünür. O əlavə edib ki, bu addım idxalın azalmasına gətirib çıxaracaq, tətbiq olunan vergi isə dövlət büdcəsinə əhəmiyyətli əlavə gəlir təmin etməyəcək.