QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa yeni qurulan ailələrin ilk bir-iki il valideynləri ilə birlikdə yaşamasını faydalı hesab edir. O, bunun yeni həyata uyğunlaşmağa və ailə məsuliyyətini anlamağa kömək etdiyini bildirib.

Deputatın sözlərinə görə, məsələyə münasibət fərqli ola bilər, lakin valideynlərin dəstəyi gənc cütlüklərin ailə həyatına tədricən alışması baxımından əhəmiyyət daşıyır. O qeyd edib ki, yaxşı niyyətli valideynlər övladlarına zərər verməz, yeni evlənənlər isə ev qaydaları, mətbəx vərdişləri, davranış və etiket normaları barədə təcrübə qazana bilərlər. Yaşayış şəraiti normal və geniş olduqda, bir müddət birgə yaşamaq daha məqsədəuyğundur.

Fazil Mustafa düşünür ki, ailənin təməli möhkəmləndikdən və tərəflər bir-birinə alışdıqdan sonra yeni evə köçmək olar. O, ayrıca yaşayışa keçidlə valideynlərə qarşı məsuliyyət hissinin zəifləyə biləcəyini də vurğulayıb.

Deputat əlavə edib ki, gəlinin ailənin bir üzvü olduğunu hiss etməsi üçün evdə isti münasibət görməsi vacibdir. Onun fikrincə, bu yaxınlıq formalaşdıqdan sonra cütlük harada yaşamasından asılı olmayaraq həmin ailəyə bağlılığını qoruyur. Ailənin təməli sağlamdırsa, münasibətlərdə narahatlığa əsas yaranmır.