QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İsmayıllının Talıstan kəndindəki “Talıstan Forest” istirahət mərkəzinin tikintisinə xərclənən 1 milyon 907 min manatla bağlı mübahisə hüquq-mühafizə orqanlarının araşdırmasına verilib.
Məlumata görə, Süleymanovlar ailəsi 2005-ci ildə Məhərrəmovlar ailəsinə müraciət edərək istirahət mərkəzini birgə inşa etməyi təklif edib. Tərəflər layihədə bərabər, yəni 50 faizlik paya sahib olmaq barədə razılaşıblar.
Razılaşmaya əsasən, tikinti layihəsinin hazırlanması və maliyyələşdirilməsi, obyektin inşası, avadanlıq və mebellə təchizatı Məhərrəmovlar ailəsinin hesabına həyata keçirilməli, Süleymanovlar isə torpaq sahəsini təqdim etməli idi.
Məhərrəmovlar ailəsinin iddiasına görə, mərkəz tikilib istifadəyə verildikdən sonra onlar obyektin idarəçiliyindən uzaqlaşdırılıb. Həmçinin ailə üzvlərinin Süleymanovların göstərişi ilə mühafizəçilər tərəfindən əraziyə daxil olmasına imkan verilməyib.
Bununla bağlı ailə hüquq-mühafizə orqanlarına şikayət edib. Müraciətin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsində araşdırıldığı bildirilir.
Məlumatda “Talıstan Forest”in sahibinin İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov olduğu qeyd edilir. Mətbuatda yayılan məlumatlara görə, istirahət mərkəzi onun həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirilib.