QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevlə bağlı məhkəmə araşdırması başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun rəhbərlik etdiyi iclasda hökm elan olunub. Məhkəmə Zaur Mustafayevin əməli anlaqsız vəziyyətdə törətdiyini müəyyən edib və onu cinayət məsuliyyətindən azad edib. Onun barəsində intensiv müşahidə altında ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbiri seçilib.

Hadisə bu ilin aprelində Səhiyyə Nazirliyinin tabeliyində olan Gəncə Psixiatriya Xəstəxanasında qeydə alınıb.

İttiham aktındakı məlumata görə, Mustafayev palata yoldaşı Miri İsmayılova qolları arxada bağlı halda çörək yeyə bilib-bilməyəcəyini yoxlamağı təklif edərək onu aldadıb. Daha sonra palatadakı iki çarpayının döşəklərindən götürdüyü iplə İsmayılovun əl-qolunu bağlayıb və onu çarpayıya uzadıb.

İttihama əsasən, Zaur Mustafayev bundan sonra Miri İsmayılovu iplə boğaraq öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilib.