QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının media qurumları və nümayəndələri üçün təşkil etdiyi müsabiqələrin şərtləri yenilənib. Yeni meyarlar onlayn media subyektlərinin sayt göstəricilərinin, sosial platformalardakı fəallığının və texniki durumunun qiymətləndirilməsini nəzərdə tutur. Fərdi jurnalistlərin müsabiqələrində isə şəxsi sosial şəbəkə hesablarında paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqəsi nəzərə alınacaq.

Mətbuat Şurası İdarə Heyətinin üzvü və Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli dəyişikliklər barədə fikirlərini bölüşüb.

O bildirib ki, sosial şəbəkə göstəricilərinin onlayn media qurumlarının qiymətləndirilməsində ayrıca meyar sayılması bugünkü media mühitinə uyğun yanaşmadır. Heydərlinin sözlərinə görə, jurnalistika artıq təkcə ənənəvi platformalardan ibarət deyil və informasiya istehlakının əhəmiyyətli hissəsi sosial şəbəkələrdə baş verir. Buna görə də media qurumlarının həmin platformalarda təmsil olunması vacibdir.

Komissiya sədri hesab edir ki, qərar peşəkar jurnalistlərin sosial mediada fəallığını artıra, media qurumlarının bu platformalarla inteqrasiyasını sürətləndirə və daha geniş auditoriyaya çıxışını asanlaşdıra bilər. O, yeniliyin jurnalistləri keyfiyyətli məzmunu rəqəmsal vasitələrlə cəmiyyətə daha səmərəli çatdırmağa da təşviq edəcəyini qeyd edib.

Heydərli sosial şəbəkələrdə peşəkarlığın güclənməsini də mühüm məqam kimi dəyərləndirib. Onun fikrincə, peşəkar jurnalistlərin və etibarlı media qurumlarının fəallığının artması qeyri-peşəkar, qeyri-etik və məsuliyyətsiz məlumatların təsirini azalda, ictimaiyyəti etibarlı mənbələrə yönəldə bilər.

O vurğulayıb ki, dəyişiklik ənənəvi jurnalistikanın sosial media ilə əvəzlənməsi deyil, peşəkar jurnalistikanın rəqəmsal mühitdə mövqeyinin möhkəmlənməsidir. Hacıbəy Heydərli keyfiyyətli jurnalistikanın auditoriyanın olduğu bütün platformalarda təmsil edilməli olduğunu bildirərək yeni mexanizmi Azərbaycan mediasının rəqəmsal transformasiyası, rəqabət qabiliyyətinin yüksəldilməsi və peşəkar jurnalistikanın sosial şəbəkələrdə güclənməsi üçün əhəmiyyətli addım adlandırıb.