QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. O, cinayət işinə yenidən baxılmasını, əməllərinə hüquqi qiymətin dəyişdirilməsini və cəzanın yüngülləşdirilməsini istəyir. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevə təqdim olunub, iclasın vaxtı isə müəyyənləşməyib.
Uzun müddət Prezident Administrasiyasına rəhbərlik edən, sonradan AMEA-nın prezidenti olan Mehdiyevin fəaliyyəti ilə bağlı cinayət işi ötən il gündəmə gəlib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin vaxt dövlət çevrilişi hazırlığına dair olduğu bildirilən səs yazılarını yayıb. Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət, çirkli pulların yuyulması və külli miqdarda rüşvət almaq da daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirli sayılıb.
Məhkəmə yaşını və səhhətini nəzərə alaraq ona 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verib. Qərara əsasən, əmlakının müsadirəsi və dövlət mükafatlarının ləğvi məsələləri də gündəmə gəlib.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirib ki, hökmə etiraz etmək məhkumun qanunla qorunan hüququdur. Onun sözlərinə görə, bu imkan şəxsin əvvəlki vəzifəsindən, yaşından və ittihamların ağırlığından asılı deyil. BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, Avropa İnsan Hüquqları Konvensiyasının 7 saylı Protokolu, Azərbaycan Konstitusiyasının 65-ci maddəsi və Cinayət-Prosessual Məcəllə məhkumun işinə yuxarı instansiyada baxılması üçün müraciət edə bilməsini nəzərdə tutur.
Əlibəyli qeyd edib ki, yayılan məlumat şikayətin məzmununu düzgün əks etdirirsə, Mehdiyev ittihamları rədd etməkdən çox, hökmün və cəzanın yüngülləşdirilməsinə çalışır. Şərhçinin fikrincə, təyin olunan cəzanın şərti olması daha yüngül cəza tələbi barədə sual yaratsa da, müsadirə və dövlət təltiflərindən məhrumetmə kimi nəticələr onun üçün əhəmiyyətli ola bilər.
Əlibəyli hesab edir ki, apellyasiyanın arxasında yalnız hüquqi müdafiə deyil, həm də şəxsi və ailəvi maraqlar, siyasi irsin qorunması və hökmün tarixdə yaradacağı mövqeyə etiraz dayanır. O, Mehdiyevin təxminən yarım əsr Azərbaycan siyasi sistemində ideoloji memarlardan biri kimi tanındığını, indi isə dövlətçiliyə qarşı hərəkətlərdə təqsirli bilinməsinin onun bioqrafiyasına təsir etdiyini vurğulayıb.
Şərhçi mümkün motivlər sırasında əmlak müsadirəsi qərarına qarşı mübarizəni, nüfuz itkisinə müqaviməti və məhkəmə prosesini uzatmaq ehtimalını sadalayıb. Onun qənaətinə görə, Mehdiyevin siyasi geri dönüş planı olması inandırıcı görünmür: hazırda onun ətrafında ictimai dəstək və açıq tərəfdarlar qalmayıb, onunla əlaqəli olduğu iddia edilən şəxslərin işləri isə başqa məhkəmələrdə davam edir.
Əlibəyli apellyasiya şikayətini hücum deyil, qalan imkanları qorumağa yönələn müdafiə cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Mehdiyevin uzun illər formalaşmasında rol oynadığı idarəçilik modelində məhkəmələr siyasi qərarlardan asılı qurumlar kimi qəbul edilirdi. İndi isə o, həmin instansiyalardan hüquqi qiymətin yenidən nəzərdən keçirilməsini istəyir. Şərhçi əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı necə olursa-olsun, Mehdiyevin Azərbaycan siyasi həyatındakı “boz kardinal” dövrü artıq başa çatıb və apellyasiya bunu dəyişməyəcək.