QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında istehlakçıların müraciətlərində əsas yeri qüsurlu malların satışı və keyfiyyətsiz xidmətlər tutub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətləri pozuntu növlərinə görə açıqlayıb.
Agentliyin təşkil etdiyi “İstehlakçıların əsas hüquqları və müdafiəsi vasitələri” tədbirində çıxış edən İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib ki, yanvar-oktyabr dövründə qüsurlu malların satışı ilə bağlı 2 122 müraciət daxil olub. Xidmətlərin keyfiyyətsiz və qüsurlu olması barədə 1 684, digər istehlakçı hüquqlarının pozulması ilə bağlı 1 483, müqavilə şərtlərinin pozulmasına görə isə 1 097 müraciət qeydə alınıb.
İstehlakçının tələbi əsasında lazımi keyfiyyətli malın dəyişdirilməməsi və ya geri alınmaması ilə bağlı 608, istehlakçıların aldadılması üzrə 577, digər məsələlərə dair 452 müraciət olub. Ödənilmiş vəsaitin qaytarılmaması ilə bağlı 242, keyfiyyətsiz və sertifikatsız malların satışı ilə əlaqədar isə 184 müraciət qeydə alınıb.
Yusif Tapdıqlının sözlərinə görə, mal və xidmətlər barədə məlumat verilməməsi ilə bağlı 183, saxlama müddəti keçmiş məhsulların satışı üzrə 62, qiymət intizamının pozulmasına görə 44 müraciət daxil olub. Dərman satış qaydalarının pozulması barədə 9, keyfiyyətsiz dərman vasitələrinin satışı üzrə 7 şikayət qeydə alınıb.
Markalanma və etiketləmə tələblərinə uyğun olmayan malların satışı ilə əlaqədar 4 müraciət daxil olub. Mal qonşuluğu və temperatur rejiminə əməl edilməməsi, eləcə də qiymətli metalların və daşların satış qaydalarının pozulması üzrə hər biri 3 müraciət qeydə alınıb. İstehlakçı hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri barədə isə 2 müraciət olub.