QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası Belçikanın paytaxtı Brüsseldə baş tutub. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.
PARŞ-ın Baş Katibi Ester Linç gündəlikdəki mövzuları təqdim edib, qurumun fəaliyyəti və növbəti dövrün prioritetləri haqqında danışıb.
İclasda təşkilatın 2027-ci il üzrə Fəaliyyət Planı, Baş Assambleyaya hazırlıq, Qadınlar və Gənclər komitələrinin hesabatları, eləcə də maliyyə məsələləri müzakirə edilib. İştirakçılar BHİK-in sosial dialoqla bağlı sorğusunun nəticələrini, 2027-ci ilin gündəliyini və növbəti Qurultaya hazırlıq prosesini də nəzərdən keçiriblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkədə aparılan sosial-iqtisadi islahatlar və əmək hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib.
O, Azərbaycan həmkarlar ittifaqlarının bu sahədə həyata keçirdiyi tədbirlərə toxunaraq beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Məmmədov yeni çağırışlar şəraitində həmkarlar ittifaqları arasında əlaqələrin genişləndirilməsinin, ortaq yanaşmaların hazırlanmasının və qabaqcıl təcrübədən yararlanmağın vacibliyini qeyd edib.
Çıxışında beynəlxalq əmək standartlarının, o cümlədən BƏT konvensiyalarının tələblərinin milli qanunvericilikdə əks olunmasının önəmi vurğulanıb. Həmçinin qadınların və gənclərin həmkarlar ittifaqlarının işində, kollektiv danışıqlarda və qərarların qəbulunda iştirakının artırılması məsələsinə diqqət çəkilib.
Gündəlikdəki mövzular üzrə fikir mübadiləsindən sonra müvafiq qərarlar qəbul olunub. Səfər zamanı PARŞ-ın Baş Katibi və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.