QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, işçi sayının azaldılması və ya ştatların ixtisarı zamanı işəgötürən əvvəlcədən xəbərdarlıq etməli, qanunda müəyyənləşdirilən işdənçıxarma müavinətini ödəməli və işçinin hüquqlarını qorumalıdır.
Bu qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində yer alıb. Əmək müqaviləsinə ixtisar səbəbindən xitam veriləcəksə, işçiyə xəbərdarlıq müddəti onun həmin işəgötürəndə topladığı əmək stajına əsasən müəyyən edilir.
Bir ilədək stajı olan işçi ən azı iki həftə, bir ildən beş ilədək çalışan şəxs dörd həftə, beş ildən on ilədək stajı olan altı həftə, on ildən çox işləyən isə doqquz həftə əvvəl xəbərdar edilməlidir.
Xəbərdarlıq dövründə işçi hər həftə azı bir iş günü iş axtarmaq məqsədilə əmək funksiyasından azad edilə bilər. Həmin vaxt üçün əməkhaqqı tam ödənilir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə uyğun olaraq müqaviləsinə xitam verilənlərə işdənçıxarma müavinəti verilməlidir. Ödənişin həcmi də işçinin həmin iş yerindəki stajına görə hesablanır.
Bir ilədək çalışanlara orta aylıq əməkhaqqının azı bir misli, bir ildən beş ilədək stajı olanlara 1,4 misli, beş ildən on ilədək işləyənlərə 1,7 misli, on ildən artıq stajı olanlara isə iki misli qədər müavinət düşür.
İşçi razılıq verdiyi halda, xəbərdarlıq müddətinin əvəzinə həmin dövrə uyğun əməkhaqqı birdəfəlik verilə bilər. Müddət tamamlanmamış xitam baş verərsə, ödəniş istifadə edilməyən hissənin müddətinə uyğun azaldılır.
Kollektiv və əmək müqavilələrində qanunda göstərilən həddən artıq ödəniş nəzərdə tutula bilər.
Məcəllənin 77-ci maddəsi müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin təminatlarını da müəyyən edir. Xidmət müddətində onların əvvəlki iş yeri və vəzifəsi saxlanır. Müəssisənin ləğvi və fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxması bu qaydanın istisnalarıdır.
Hərbi xidmətdən tərxis olunan işçi ən gec 60 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıda bilər.
Bu təminatların icrasına əmək münasibətləri üzrə səlahiyyətli qurumlar, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir.