QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlində Mədəniyyət Nazirliyinin tabeliyindəki 235 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbindən 137-si əsaslı təmirə ehtiyac duyub. Bu, ümumi sayın 58,3 faizidir.
Əvvəlki tədris ilində təmirə ehtiyacı olan məktəblərin sayı 131, payı isə 55,5 faiz idi. Beləliklə, bir il ərzində göstərici altı məktəb və 2,8 faiz bəndi artıb.
Təmirə ehtiyacı olan məktəblərdən 98-i şəhərlərdə, 39-u kəndlərdə yerləşir. Kəndlərdəki 66 məktəbin 39-nun bu vəziyyətdə olması həmin ərazilər üzrə payı 59,1 faizə çatdırır.
Doqquz məktəb qəza vəziyyətində qeydə alınıb və onların hamısı şəhərlərdədir. Bu rəqəm ötən tədris ili ilə müqayisədə dəyişməyib.
Kitabxanalarla bağlı statistika 2025-ci ilin sonuna aiddir. Nazirlik sistemində ayrıca binalarda fəaliyyət göstərən 735 kütləvi kitabxana əsaslı təmirə ehtiyac duyub, 70-i isə qəza vəziyyətində olub. Bu rəqəmlər sistemdəki kitabxanaların ümumi sayının müvafiq olaraq 25,5 və 2,4 faizini təşkil edir.
Təmirə ehtiyacı olan kitabxanaların 614-ü kəndlərdə, 121-i şəhərlərdə yerləşir. Qəza vəziyyətində qeydə alınan 70 kitabxanadan 58-i kənd, 12-si şəhər ərazisindədir.
2024-cü illə müqayisədə əsaslı təmir tələb edən kitabxanaların sayı 733-dən 735-ə, qəza vəziyyətində olanların sayı isə 67-dən 70-ə yüksəlib.
Klub müəssisələrinin vəziyyətinə dair məlumatlara əsasən, 2025-ci ilin sonunda nazirlik sistemindəki ayrıca binalarda yerləşən 962 klub əsaslı təmirə ehtiyac duyub. Bu, ümumi sayın 44,4 faizidir. Qəza vəziyyətində olan klub müəssisələrinin sayı 99 olub.
Təmir tələb edən klubların 850-si kəndlərdə, 112-si şəhərlərdə fəaliyyət göstərir. Qəza vəziyyətindəki 99 müəssisədən 87-si kəndlərdə, 12-si şəhərlərdə yerləşir.
Kitabxanalardan fərqli olaraq, klub müəssisələrində hər iki göstərici azalıb. Əsaslı təmirə ehtiyacı olan klubların sayı 2024-cü ildəki 1 036-dan 962-yə, qəza vəziyyətində olanların sayı isə 104-dən 99-a enib.