QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Xocalıdan olan Milli Qəhrəman Araz Səlimovun oğlu İlqar Səlimov doğma yurdda mənzillə təmin olunmadığını bildirib. Dövlət Komitəsi müraciətə baxılması və evlərin bölüşdürülməsi ilə bağlı mövqeyini açıqlayıb.

Səlimovun sözlərinə görə, atası, babası, əmiləri, dayısı, dayısının oğlu və xalası Xocalıda şəhid olub, anası isə ikinci qrup Qarabağ əlilidir. O, ailədə həmin nəslin soyadını daşıyan yeganə şəxs olduğunu deyərək bir ildən artıqdır Xocalıda ev ala bilmədiyini bildirib.

İlqar Səlimov iddia edib ki, əvvəlcə Təzəbinə kəndində seçdiyi evin ona veriləcəyi deyilib, təmirindən sonra isə başqa keçmiş məcburi köçkün ailəsinə ayrılıb. «Qaçqınkom»dan evin ona məxsus olacağını və təmir başa çatdıqdan sonra köçə biləcəyini söylədiklərini qeyd edib.

Նրա sözlərinə görə, daha sonra kənddə başqa mənzil təklif olunub, lakin həmin evi Bakı Abadlıq Xidmətinin əməkdaşına müvəqqəti xidməti mənzil kimi veriblər. Əməkdaşın müqaviləsi bitdikdən sonra çıxacağı və evin təmir edilərək ailəsinə ayrılacağı bildirilsə də, aylar keçməsinə baxmayaraq bu baş verməyib. Səlimov dəfələrlə Dövlət Komitəsinə müraciət etdiyini, lakin nəticə əldə etmədiyini söyləyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, Milli Qəhrəman ailəsinin üzvü kimi İlqar Səlimov ev seçərkən müvafiq imtiyazlardan yararlana bilər. Qurumun açıqlamasına görə, o, Təzəbinədə 19123444 inventar kodlu evi seçdiyini vaxtında Komitənin müvafiq strukturuna rəsmi şəkildə bildirməyib və mənzil başqa keçmiş məcburi köçkün ailəsinə ayrılıb.

Komitənin məlumatına əsasən, Сəlimov sonradan 1915499 inventar kodlu evə köçmək istədiyini bildirib. Araşdırma ilə həmin yaşayış sahəsinin xidməti mənzil olduğu müəyyən edilib. Qurum qeyd edib ki, mövcud qaydalara görə xidməti mənzillərin bölüşdürülməsi və onlar barədə sərəncam verilməsi Komitənin səlahiyyətinə daxil deyil.

Dövlət Komitəsi vətəndaşa həmin mənzil xidməti statusundan çıxarılıb ailələrin köçürülməsi üçün qurumun sərəncamına verildikdə, həmçinin otaqların sayı ailənin tərkibinə uyğun olduqda məsələyə müəyyən edilmiş qaydada baxıla biləcəyinin izah olunduğunu bildirib.

Açıqlamada bildirilib ki, Təzəbinəyə hər yeni köç mərhələsi öncəsi Səlimovla əlaqə saxlanılır və ailəsinin tərkibinə uyğun üçotaqlı fərdi evlər seçim üçün təqdim olunur. Komitənin sözlərinə görə, o, həmin təklifləri qəbul etməyərək 1915499 kodlu mənzilin ayrılmasında israr edir. Qurum ailənin doğma torpaqlara qayıdışını diqqətdə saxladığını, qərarların qanunvericilik, evlərin hüquqi statusu və ailələrin sosial-məişət şəraiti nəzərə alınmaqla verildiyini vurğulayıb.

Araz Səlimov I Qarabağ müharibəsində Xocalı özünümüdafiə batalyonunda döyüşüb və 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı şəhid olub. O, Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn edilib; geridə üç övladı qalıb.