QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olan rusiyalı repçi Navai (Nəvai Bəkirov) Yeni il korporativ tədbirlərində çıxış haqqını 6 milyon rubla, yəni 120 min manatdan artıq məbləğə yüksəldib.

SHOT Telegram kanalının yaydığı məlumata əsasən, Qazaxıstana səfərdən öncə sənətçinin çıxışına görə ödəniş 4 milyon rubldan — 80 min manatdan çox olmayan məbləğdən ibarət idi. Bununla yanaşı, təşkilatçılar ifaçı və komandasının yol xərclərinə 50 min rubl (təxminən 1 000 manat), avadanlığın Moskva və ətraf vilayətlərə daşınmasına isə 15 min rubl (təqribən 300 manat) ödəməlidirlər.

Uzaq məsafələrə səfərlərdə komandanın hər üzvünə Rusiyada gündəlik 5 min rubl (təxminən 100 manat), xarici ölkələrdə isə 100 dollar verilməlidir.

Navai oktyabrın 14-də Qazaxıstana daxil olarkən saxlanılmışdı. Onun idarə etdiyi avtomobildə qadağan olunmuş maddələr aşkarlanmış, repçi dindirilmə zamanı həmin maddələrin özünə aid olduğunu bildirmişdi. Sənətçi müvəqqəti saxlama təcridxanasına yerləşdirilmiş və iki aylıq həbs cəzası almışdı.

Oktyabrın 20-də onun azadlığa çıxdığı məlum olub. Navaiyə qarşı başladılan cinayət işi bağlanıb, ifaçı isə Rusiyaya deportasiya edilib. Məlumata görə, onun Qazaxıstana beş il müddətində girişinə qadağa qoyulub.