QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının mənzil bazarında qiymət artımı Nərimanov rayonunda xüsusilə nəzərə çarpır. Əmlak saytlarında yayımlanan elanlarda həm daxili kreditlə satılan komplekslərdə, həm də yeni tikilmiş hazır binalarda mənzillərin əvvəlki dövrlərdən baha olduğu görünür.
Rayondakı qiymət artımı bir neçə amillə izah olunur. Mərkəzə yaxınlıq və “Nəriman Nərimanov”, “Gənclik”, eləcə də “Bakmil” metro stansiyalarının əlçatanlığı əraziyə tələbatı artırır. Ticarət mərkəzləri, universitetlər, parklar və iş yerlərinin çoxluğu da mənzilləri həm yaşayış, həm kirayə məqsədilə cəlbedici edir. Paytaxtda söküntülərin aparılması, tikinti materiallarının qiymətinin qalxması və yeni binalar üçün torpaq sahələrinin azalması da satış qiymətlərinə təsir göstərir.
Elanlardan birində “Nəriman Nərimanov” metrosunun yaxınlığındakı 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən, 285 kvadratmetr sahəsi olan 5 otaqlı mənzil 2 milyon 850 min manata təklif olunur. Həmin ərazidə 17 mərtəbəli binanın 14-cü mərtəbəsindəki 142 kvadratmetrlik 3 otaqlı mənzilin qiyməti 640 min manatdır. 12 mərtəbəli binanın 11-ci mərtəbəsində olan, 181 kvadratmetrlik 4 otaqlı mənzil isə 550 min manata satışa çıxarılıb.
Daxili kreditlə təqdim edilən mənzillərin qiymətləri də yarım milyon manatı keçir. “Nəriman Nərimanov” stansiyasının ətrafındakı 19 mərtəbəli binada 9-cu mərtəbədə yerləşən 165 kvadratmetrlik, 3 otaqlı mənzil 547 min 500 manata, 12-ci mərtəbədəki 153 kvadratmetrlik mənzil 505 min manata, 8-ci mərtəbədəki 137 kvadratmetrlik mənzil isə 500 min manata təklif edilir. Eyni zonada 16 mərtəbəli binalardakı 112 kvadratmetrlik 3 otaqlı mənzillərin qiyməti mərtəbə və təmirdən asılı olaraq 360 min və 470 min manatdır.
İkiotaqlı mənzillərin qiymətləri də yüksək səviyyədədir. “Gənclik” metrosu yaxınlığında 17 mərtəbəli binanın 8-ci mərtəbəsindəki 93 kvadratmetrlik mənzil 390 min manata, eyni binanın 4-cü mərtəbəsindəki eyni sahəli mənzil isə 350 min manata satışa qoyulub. “Nəriman Nərimanov” metrosu ətrafında 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 90 kvadratmetrlik ikiotaqlı mənzil 385 min manatdır. “Bakmil” metrosu yaxınlığındakı 16 mərtəbəli binanın 5-ci mərtəbəsində olan 125 kvadratmetrlik, 3 otaqlı mənzil isə 390 min manata təklif olunur.
Elanlar Nərimanovda yeni tikililərin baha qiymətə satıldığını və rayonun Bakının ən yüksək qiymətli yaşayış əraziləri sırasında qaldığını göstərir.