QafqazNews TASS-a istinadən xəbər verir ki, Qazaxıstanda bu həftə vandalizm nəticəsində məhv edilmiş Qırmızı Ordu döyüşçülərinin stelası bərpa edilib.

Alma-Atadakı Rusiya Baş Konsulluğunun Telegram-kanalında verilən məlumata görə, stela Böyük Vətən Müharibəsi zamanı Cəmbül şəhərinin (indiki Taraz) evakuasiya xəstəxanalarında yaralılardan ölən 72 naməlum döyüşçünün xəstəxana məzarlığında yerləşən abidənin məkanı üzərində tam bərpa edilib. Paylaşılan fotoda bərpa olunmuş abidə görünür.

Diplomatik nümayəndəlik bildirib ki, stela bərpa olunmasına baxmayaraq, Qazaxıstanda aparılan istintaq davam etdiriləcək və məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq. Konsulluq Cəmbıl vilayəti və Taraz şəhərinin rəhbərliyinə abidəni operativ şəkildə təmir etdikləri üçün təşəkkürünü ifadə edib.

18 noyabrda Alma-Atadakı Baş Konsulluq xəbər vermişdi ki, naməlum şəxslər oktyabrın 15-də Rusiya tərəfinin iştirakı ilə bərpa edilərək açılmış stelanı demək olar ki, tamamilə dağıdıblar və konsulluq dağıdılmış abidənin fotolarını yayıb.

Həmin vaxt Qazaxıstan Xarici İşlər Nazirliyi TASS-a bildirib ki, konsulluqdan rəsmi nota alıblar və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. 19 noyabrda Alma-Ata nümayəndəliyinin rəhbəri Cənibek Abdrəşov TASS-a ölkədə vandalizmin qəbul edilməyəcəyini və belə hallara yol verilməyəcəyini, qanun pozuntularının qarşısının alınacağını və günahkarların cəzalandırılacağını bildirib. Cəmbıl vilayəti polis idarəsi hadisə ilə bağlı cinayət işi başladıb.

Rusiyanın Astanadakı səfirliyi yayılan bəyanatda stelanı təhqir etməyi cəmiyyət arasında nifrət oyatmağa və iki ölkə münasibətlərinə zərər vurmağa yönəlmiş siyasi ekstremist aksiya adlandırıb və günahkarların tapılıb cəzalandırılmasını tələb edib.