QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda öldürülən 2003-cü il təvəllüdlü rəssam Gülarə Ağa qızı Mehdiyevanın yaratdığı əl işləri diqqət çəkib.

Onun “Instagram” hesabında yayımladığı son paylaşım da yaradıcılığı ilə bağlı olub. Oktyabrın 14-də paylaşılan nümunə 3D mandala sənətinə aid olub.

Qara rənglərdə işlənən dekorativ əsərdə qabarıq qatlar və nöqtəli boyama texnikasından istifadə edilib. Gülarənin sosial şəbəkə hesabında digər rəsmləri və əl işləri də yer alıb.

Rəssam müxtəlif mövzu və texnikalara müraciət edib. Onun yaradıcılığında yağlı boya ilə kətan üzərində çəkilmiş heyvan təsvirləri, o cümlədən bəbir rəsmi, simvolik qadın portretləri, eləcə də nöqtəli boyama üslubunda hazırlanan 3D mandala kompozisiyaları olub.

Gülarə Mehdiyeva noyabrın 16-da Bakının Binəqədi rayonunda, 9-cu mikrorayonun Həmzə Babaşov küçəsindəki evlərinin mətbəxində qətlə yetirilib. Hadisə saat 14:30 radələrində baş verib. Məlumata görə, ata bir, ana ayrı ögey qardaşı Ayxan Mehdiyev 18 yaşında olub və mətbəx bıçağı ilə bacısına üç ağır zərbə vurub.

Gülarənin kömək çağırışlarını eşidən qonşular hadisə yerinə gəlib və təcili tibbi yardım çağırıblar. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Polis əməkdaşlarının saxladığı A. Mehdiyev ilkin ifadəsində bacısını qısqanclıq səbəbindən öldürdüyünü iddia edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.