QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, qızıl fyuçersləri gün ərzində 4,5 faiz dəyər itirərək son 14 ayın ən aşağı göstəricisinə enib.

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 3 520 ABŞ dolları olub.

Ucuzlaşmaya dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artıracağı ehtimalının 94 faizə yüksəlməsi və dolların kəskin möhkəmlənməsi təsir göstərib. Makroiqtisadi sərtləşmə şəraiti qızılın təhlükəsiz investisiya aləti kimi cəlbediciliyini də zəiflədib.

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin 5 faizi keçmiş səviyyələrə yüksəlməsi gəlir gətirməyən qızıl aktivlərinə marağı azaldıb. Dolların möhkəmlənməsi gümüş fyuçerslərinin də son 52 həftənin minimumuna düşməsinə səbəb olub.

COMEX-də gümüşün bir unsiya üzrə fyuçerslərinin qiyməti 7,17 faiz enərək 41,17 ABŞ dollarına düşüb.