QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, qızıl və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” Qoşa və Ordubad müqavilə sahələrində hasilat hüquqlarının müddətini uzatmaq niyyətində deyil. Hər iki ərazi Azərbaycan hökumətinə təhvil veriləcək.

Şirkətin açıqlamasında qeyd olunub ki, hasilatın pay bölgüsü sazişinə (HPBS) uyğun olaraq Qoşa sahəsi üzrə hüququn müddəti artıq başa çatıb. Ordubad üzrə müddətin isə yaxın zamanda tamamlanacağı bildirilir.

Layihələrini və yaxın illərdəki inkişaf perspektivlərini qiymətləndirən şirkət Qoşa və Ordubada əlavə resurs və vaxt ayırmağı məqsədəuyğun saymayıb. Bu sahələr mövcud hasilat obyektlərindən uzaqdadır və şirkətin digər müqavilə ərazilərindəki kimi hazır infrastruktura malik deyil.

Rəhbərlik və investisiyalar əsasən Xarkar və Qaradağ mis layihələrinin hasilata başlamasına yönəldiləcək. Planlaşdırılan geoloji kəşfiyyat işləri də hazırda işlənən sahələrin genişləndirilməsinə fokuslanacaq. Şirkət hesab edir ki, yeni yataqlar tapılarsa, mövcud infrastrukturdan yararlanmaq mədənlərin və emal müəssisələrinin fəaliyyət müddətini artırmağa imkan verə bilər.

Hazırda HPBS-yə tələb olunan dəyişikliklər hökumətlə razılaşdırılır. Razılıq əldə olunandan sonra sənəd Milli Məclisin təsdiqinə göndəriləcək. Şirkət gələcəkdə Qoşa və Ordubadda hasilat hüquqlarını yenidən əldə etmək üçün müraciət edə bilər.