QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan təşkil edəcək. İmtahanda xüsusi hazırlıq proqramını keçərək şəhadətnamə almaq istəyənlər iştirak edə bilərlər.

DİM-ə imtahana qatılmaq istəyən sürücülərin məlumatları aidiyyəti qurumlar tərəfindən göndərilib. Həmin şəxslər qeydiyyatlarını noyabrın 20-si saat 17:30-dan dekabrın 7-si saat 18:00-dək tamamlamalıdırlar.

Qeydiyyat üçün namizədlər əvvəlcə DİM-in https://ekabinet.dim.gov.az/ ünvanında “Şəxsi kabinet” açmalı, sonra isə müəyyən edilmiş müddət ərzində “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti ilə müraciət etməlidirlər. Kabinetin yaradılması və hesaba vəsait yatırılması barədə qaydalar həmin ünvanda yerləşdirilib.

İmtahana qatılmaq ödənişlidir: iştirak haqqı 35 AZN təşkil edir. Namizədlər məbləği “Şəxsi kabinet”dəki hesaba əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahana gəlməyən şəxslərə ödəniş geri verilmir.

Testlər Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhərindəki 4 saylı orta məktəbdə və Gəncədə Vaqif Əliyev adına 12 saylı orta məktəbdə keçiriləcək. İmtahana buraxılış vərəqəsi qeydiyyat bitdikdən sonra, imtahana üç gün qalmış DİM-in saytında göstərilən elektron xidmət vasitəsilə əldə oluna bilər.

İmtahan bir saat davam edəcək. Namizədlərə sürücülərin etik davranışı, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab bir balla qiymətləndirilir, yanlış cavablar isə toplanmış düzgün ballara təsir etmir. Ən azı 10 bal toplayanlar imtahandan uğurla keçmiş sayılacaq və onlara yeddi il qüvvədə olan şəhadətnamə veriləcək.