QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda traktor və digər kənd təsərrüfatı texnikası ilə bağlı xidmətlər zamanı inzibati xətalara dair sənədlərin çatdırılması qaydaları yenilənib. Bununla bağlı qərar imzalanıb.

Dəyişikliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, texnikanın dövlət qeydiyyatı və texniki baxışı barədə təlimatlara İnzibati Xətalar Məcəlləsinin 57.6.3-cü maddəsinə istinad əlavə olunub.

Yenilik yol hərəkəti və təhlükəsizliyi qaydalarına qarşı inzibati xətalar üzrə sənədlərin şəxsə çatdırıla bilmədiyi vəziyyətləri əhatə edir. Belə hallarda sənədlər göstərilən xidmətlər zamanı təqdim edilə bilər.

Həmin maddəyə görə, qərar şəxsin elektron kabinetində göstərdiyi mobil nömrəyə SMS göndərilən andan rəsmi təqdim olunmuş sayılır. Kabinetdə mobil telefon nömrəsi qeyd edilməyibsə, qərar şəxs kabinetə yerləşdirilən sənəd və əlavələrlə tanış olduqda rəsmi qaydada verilmiş hesab olunur.

Qərar “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliyin icrası məqsədilə qəbul edilib.