QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, gömrük nəzarətindən kənar ölkəyə keçirilməyə cəhd göstərilən brend mallar aşkarlanıb. Dövlət Gömrük Komitəsi bununla bağlı məlumat yayıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və gömrük yoxlamaları nəticəsində müxtəlif markalı məhsulların gizli şəkildə Azərbaycana gətirilməsinin qarşısı alınıb.
İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasından çıxarkən saxlanılıb. Onunla qanunvericiliyə uyğun sorğu-sual aparılıb.
Sərnişin hava limanının sanitar qovşağında qızıl-zinət əşyaları və saatların olduğu bir bağlama gizlətdiyini deyib. Yoxlama zamanı bağlamada tanınmış brendlərə məxsus iki qol saatı, üç bilərzik, bir cüt sırğa və aksesuarlar aşkarlanıb. Malların ümumi dəyəri 59 min 500 manatdan artıqdır.
Fakt üzrə araşdırma davam edir.