QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, sabiq deputat Vahid Əhmədov regionlarda məşğulluğun artırılmasının vacib olduğunu bildirib. Onun fikrincə, 14 iqtisadi rayonda yeni iş yerləri yaradılmalı, kənd təsərrüfatı və sənaye sahələrindəki problemlər həll edilməlidir.
Əhmədov qeyd edib ki, bölgələrdə iş imkanlarının azlığı insanları Bakı, Sumqayıt və digər mərkəzi şəhərlərə işləməyə getməyə məcbur edir. O, əməkhaqqı və pensiyaların artırılmasına da diqqət yetirilməli olduğunu deyib. İnflyasiya fonunda maaşlarda 7-8 faizlik artım gözlənilsə də, bu yüksəlişin inflyasiyanı üstələmədiyini vurğulayıb.
Sabiq deputatın sözlərinə görə, son dövrdə kənd təsərrüfatı sektoruna əlavə vergi yükü düşür. O bildirib ki, dünyada aqrar sahə subsidiya və dotasiyalar hesabına fəaliyyət göstərir, Azərbaycanın isə kənd təsərrüfatı məhsullarının idxalını azaltması və daxili tələbatı yerli istehsalla təmin etməsi vacibdir.
Əhmədov dünyadakı siyasi proseslərin dərinləşdiyini, 13 ölkənin əhalisinə ərzaq ehtiyatı toplamağı tövsiyə etdiyini söyləyib. Azərbaycanda hazırda belə bir zərurətin olmadığını, ölkənin iqtisadi və siyasi əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Bununla yanaşı, dövlət ehtiyatlarının yetərli olmasının və gözlənilməz hadisələrin nəzərə alınmasının vacibliyini bildirib.
O, 2027-ci ildə qlobal iqtisadi böhran ehtimalını irəli sürərək, bunun Azərbaycana müəyyən təsir göstərə biləcəyini deyib. Əhmədovun fikrincə, dünyadakı siyasi proseslər müsbət həll olunmasa, həmin il ölkə çətin problemlərlə qarşılaşa bilər.