QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşlarla görüşüb.

Qurumun Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində keçirilən qəbulda Gəncə, Samux, Göygöl və Daşkəsən sakinləri iştirak ediblər.

Görüş zamanı “Azərişıq”ın fəaliyyət sahələrinə aid müraciətlər cavablandırılıb, bəzi məsələlərin yerində həlli üçün tədbirlər görülüb. Əlavə araşdırma tələb edən müraciətlər yazılı şəkildə qeydə alınaraq aidiyyəti şöbələrə göndərilib.

Prezident İlham Əliyevin şəhər və rayonlarda vətəndaşların qəbulu ilə bağlı tapşırığına əsasən, “Azərişıq” regionlarda sakinlərlə mütəmadi görüşlər keçirir. Bu işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə, eləcə də enerji itkilərinin minimuma endirilməsinə yönəlib.