QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, sahilboyu ərazidə tikililərin hüquqi statusuna uyğun yanaşma müəyyənləşdiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev brifinqdə danışıb.

O, Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərə həsr olunan brifinqdə müvafiq normativ-hüquqi aktların təsdiqini gözləməyin vacibliyini vurğulayıb.

Həbiyevin sözlərinə görə, indiyədək sahilboyu ərazi vahid məkan kimi deyil, ayrı-ayrı hissələr şəklində olub. Həmin əraziyə dair əsasnamə təsdiqlənəcək, qanunvericilikdə müvafiq dəyişikliklər aparılacaq və nəticədə oradakı rejim müəyyən ediləcək.

“Ərazidəki tikililərə onların hüquqi statusuna uyğun yanaşılmalıdır. Müvafiq normativ-hüquqi aktların təsdiqini gözləməliyik. Sahilboyu ərazi ilə bağlı əsasnamə təsdiqlənəcək, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Bununla oradakı rejim müəyyən olunacaq”, – deyə o bildirib.