QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində 11 nömrəli tam orta məktəbin yaxınlığında aparılan söküntü işləri təhlükəsizliklə bağlı narahatlıq doğurub. Ağır texnikanın işlədiyi sahədə qaydalara əməl olunub-olunmadığı məlum deyil.

Söküntü zonasının ətrafındakı hasarın bir hissəsi uçub. Hasar qalıqları və tikinti tullantıları piyadaların istifadə etdiyi səkiyə dağılıb. Buradan keçən insanlar, xüsusilə məktəbə gedən şagirdlər xəsarət almaq riski ilə üzləşirlər. Hasarın qalan hissəsinin aşması və tullantıların piyadalara zərər yetirməsi ehtimalı da var.

Ərazidə xəbərdarlıq lövhəsinin olmadığı da qeyd olunur. Söküntünü kimin apardığı, sifarişçinin və podratçı təşkilatın kimliyi barədə isə məlumat yoxdur.

Sahədə təhlükəsizliyə hansı qurumun nəzarət etdiyi, işlər qaydalara uyğun görülürsə, xəbərdaredici lövhənin niyə quraşdırılmadığı və məktəblilərin hər gün keçdiyi yolda yaranmış təhlükənin nə vaxt aradan qaldırılacağı sual doğurur.

Aidiyyəti qurumların müdaxilə etməsi, təhlükəsizlik tədbirlərini artırması və səkiyə tökülən tikinti qalıqlarını götürməsi xahiş olunur. Söhbət təkcə zədələnmiş hasardan deyil, insanların, xüsusən uşaqların həyat və sağlamlığından gedir.