QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, deputat Zahid Oruc yerli istehsal üçün lazım olan xammal və avadanlığın idxalı zamanı vergi ödənişlərini təxirə salmaq imkanlarının genişləndirilməsini təklif edib. O, bu fikirləri Milli Məclisin plenar iclasında səsləndirib.
Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrdə tətbiq edilən vergi güzəştlərinin iqtisadi inkişafı təşviq etdiyini bildirib. Deputat gələcək illərdə parlamentə təqdim olunan büdcə zərfinə bu güzəştlərin iqtisadi nəticələrini ölçən ayrıca analitik sənədin əlavə olunmasını da təklif edib.
Onun sözlərinə görə, son 10 ildə sahibkarların sərəncamında vergi güzəştləri hesabına qalan vəsaitin iqtisadiyyatda yaratdığı əlavə dəyər, açılan daimi iş yerlərinin sayı və digər makroiqtisadi göstəricilər hesabatda aydın göstərilməlidir.
Deputat qlobal iqtisadi qeyri-müəyyənlik fonunda xarici təsirlərdən asılılığı azaltmağın vacibliyini vurğulayıb. O, dərman preparatları, tibbi avadanlıqlar və kənd təsərrüfatı texnikası üzrə əhəmiyyətli vergi güzəştlərinin tətbiq edildiyini xatırladıb.
Əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faiz olduğunu qeyd edən Oruc istehsal üçün zəruri avadanlıq və xammal idxal edilərkən vergi ödənişlərinin təxirə salınması imkanlarının artırılmasını irəli sürüb.