QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) 36 pillə irəliləyərək 38-ci sıraya yüksəlib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Şahin Əliyev bu nəticəni ölkədə rəqəmsal transformasiya üzrə həyata keçirilən ardıcıl islahatların göstəricisi kimi dəyərləndirib.
Əliyevin sözlərinə görə, Azərbaycan onlayn xidmətlər üzrə 11-ci, xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu, institusional çərçivə üzrə isə birinci yerdə qərarlaşıb. Bu göstəricilər ölkənin rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyinin və institusional imkanlarının gücləndiyini əks etdirir.
O bildirib ki, nailiyyətə ölkə rəhbərliyinin müəyyənləşdirdiyi strateji hədəflər, yaradılmış normativ-hüquqi baza və dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti töhfə verib. Agentlik rəqəmsal hökumət infrastrukturunu inkişaf etdirmək, xidmətləri təkmilləşdirmək və qurumlar arasında inteqrasiyanı artırmaq istiqamətində işləri davam etdirir.
Əliyev “mygov” platformasının vahid rəqəmsal hökumət sistemi kimi inkişafını, “digital.bridge” vasitəsilə məlumat mübadiləsinin genişləndirilməsini və “Kağızsız hökumət” prinsiplərinin tətbiqini əsas fəaliyyət istiqamətləri sırasında göstərib.
Onun qeyd etdiyinə görə, “mygov” istifadəçilərinin sayının 5 milyona çatması rəqəmsal dövlət xidmətlərinə maraq və etimadın artdığını nümayiş etdirir. Növbəti mərhələdə xidmətlərin həyat hadisələrinə uyğunlaşdırılması, proaktiv modelin genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi, məlumatların və kibertəhlükəsizliyin qorunmasının gücləndirilməsi nəzərdə tutulur.