QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, elektrikli avtomobillərin idxalına vergi tətbiqi onların Azərbaycanda bahalaşmasına və ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər. Deputat Fazil Mustafa bu məsələyə Milli Məclisin noyabrın 18-də keçirilən iclasında toxunub. İclasda Vergi Məcəlləsinə və bir sıra digər qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub.

Fazil Mustafa bildirib ki, bir çox ölkə elektrik mühərrikli avtomobillərin alınmasını təşviq etmək məqsədilə vergi güzəştlərindən istifadə edir. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində bu avtomobillərin alışını stimullaşdırmaq üçün vergi ödənişi tətbiq edilmir.

Deputat qeyd edib ki, Azərbaycanda elektrikli avtomobillərin idxalı ötən ilədək vergidən azad idi, lakin cari ildən bu sahədə vergi tətbiq olunur. O, bunun avtomobillərin qiymətinə və idxal həcminə təsir etdiyini vurğulayıb.

“Verginin tətbiqi ölkəyə gətirilən elektrik avtomobillərini bahalaşdıracaq və qiymətlər artıq yüksəlir. Ölkəyə daxil olan elektrik avtomobillərinin sayı da azalacaq. Nəticədə dizel və digər yanacaq növləri ilə işləyən avtomobillərin çoxaldığını görəcəyik”, – deyə deputat bildirib.

Fazil Mustafa hesab edir ki, bu vergi büdcə üçün ciddi gəlir yaratmadığı halda iqtisadiyyatın başqa sahələrinə mənfi təsir göstərə bilər. Onun fikrincə, vergi daxilolmaları da nəzərəçarpacaq dərəcədə azalır, iri şirkətlər isə vergidən yayınma yolları axtarır və bu, bir sıra hallarda mənfi vəziyyət yaradır.

Deputatın sözlərinə görə, vergi yükünün yüksəlməsi elektrikli avtomobillərin idxalı və satışı ilə məşğul olan sahələrdə iş yerlərinin azalmasına da yol aça bilər.