QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, cinayət törətmiş şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılması məsələsi qanunvericiliklə tənzimlənir. Cinayət törətmək və ya məhkumluğun olması hər kəsin avtomatik olaraq hərbi xidmətdən azad edilməsi demək deyil: bəzi hallarda çağırış müvəqqəti dayandırılır, müəyyən ağır cinayətlərə görə məhkum olunanlar isə xidmətə çağırılmırlar.
Hüquqşünas Səməd Vəkilov bildirib ki, müddətli həqiqi hərbi xidmətə çağırış “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimlənir. Qanunun 22-ci maddəsi çağırışa cəlb edilməyən vətəndaşların dairəsini müəyyən edir.
Vəkilovun sözlərinə görə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası çəkənlər, eləcə də sonuncu cəzası şərti tətbiq edilən şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar.
Qəsdən törətdiyi cinayətə görə əvvəllər müəyyən müddətə azadlıqdan məhrum edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş vətəndaşlar da müvəqqəti çağırışdan kənarda qalırlar.
Barəsində ibtidai istintaq və ya təhqiqat aparılan, həmçinin cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı davam edən şəxslər də bu kateqoriyaya daxildir.
Qanunun 22-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası alan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.