QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Vinsent Van Qoqun “Çiçəklənən şabalıdlar” (Châtaigniers en fleurs) əsəri Nyu-Yorkda “Sotheby's” hərracında 190 milyon dollara satılıb.

Tablo hərrac evinin tarixində qiymətinə görə ikinci yerdə qərarlaşıb. Rekord ötən il 236,4 milyon dollara satılan Qustav Klimtin “Elizabet Ledererin portreti” əsərinə məxsusdur.

Van Qoqun bundan əvvəl ən yüksək qiymətə satılan əsəri 2022-ci ildə 117,2 milyon dollara alıcı tapan “Sərv ağacları olan buğda tarlası” tablosu olub. Hərrac və şəxsi satışlar nəzərə alınmaqla, “Çiçəklənən şabalıdlar” rəsmi şəkildə satılmış ən bahalı incəsənət əsərləri siyahısında doqquzuncudur. Siyahının ilk pilləsində müəllifinin Leonardo da Vinçi olduğu ehtimal edilən “Dünyanın xilaskarı” əsəri dayanır. Bu tablo 2017-ci ildə “Christie's” hərracında rusiyalı milyarder Dmitri Rıbolovlevə 450 milyon dollara satılıb.

Van Qoq əsəri 1890-cı ildə, ömrünün son iki ayını yaşadığı Paris yaxınlığındakı Over-sür-Uaz kəndində yaradıb. Rəsm mərhum argentinalı mesenatlar Karlos Blakye və həyat yoldaşı Nelli Aryetanın topladığı, hərraca çıxarılan 12 əsərlik məşhur Blakye-Aryeta kolleksiyasına daxildir.