QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Şamxal Əlizadə Moskvada keçirilən beynəlxalq elmi-praktiki konfransa onlayn qatılıb.

“Real virtual: Rəqəmsal dövrdə sənədli irs” adlı tədbir noyabrın 10-dan 14-dək, Rusiya Federasiyasının Federal Arxiv Agentliyi və Arxiv İşi və Sənədşünaslıq üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) birgə təşkilatçılığı ilə baş tutub. Konfransda arxiv, kitabxana və muzey əməkdaşları, universitet professorları, həmçinin informasiya texnologiyaları sahəsinin mütəxəssisləri iştirak ediblər.

Müzakirələrdə sənədlərin və muzey eksponatlarının qorunması, bərpası, müvafiq ixtisaslı kadrların yetişdirilməsi, müasir texnologiya və avadanlıqlardan istifadə, arxiv sənədlərinin ehtiyat nüsxələrinin hazırlanması, eləcə də mədəni irsin rəqəmsallaşdırılması məsələləri diqqət mərkəzində olub.

Şamxal Əlizadə tədbirdə “Arxivlərdə mühafizə olunan sənədlərin konservasiyası və restavrasiyası” mövzusunda məruzə edib. O, kino və foto sənədlərin fiziki durumunun izlənməsi, lazımi mühafizə şəraitinin yaradılması, qorunması, konservasiyası və restavrasiyası üçün görülən işlər, həmçinin müasir texnologiyaların tətbiqi barədə məlumat verib.