QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Yusuf Güney rəqəmsal platformada yayımlanan proqramda Ayahuska çayı barədə danışdığına görə məhkəmə qarşısına çıxarılıb. Ona “Narkotik və ya psixotrop maddələrin istifadəsinə təşviq etmə” ittihamı ilə 10 ilədək həbs cəzası tələb olunur.
İstanbul Asliye Cəza Məhkəməsində keçirilən iclasda ifaçı cinayət niyyətinin olmadığını deyib. Araşdırma İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılıb və bu proses çərçivəsində Güney saxlanılıb.
Ekspertiza çayın tərkibindəki DMT maddəsinin 2313 saylı Qanunla qadağan olunan maddələr sırasına daxil olduğunu müəyyən edib.
Güney xaricdə yaşayan ailədən olduğunu, 19 il ərzində Böyük Britaniya vətəndaşlığını almaq imkanı olsa da, Türkiyə vətəndaşlığından imtina etmədiyini və ölkəni tərk etmək niyyətinin olmadığını bildirib. Məhkəmə nəzarəti tədbirinə görə xarici konsertlərdə iştirak edə bilmədiyini deyən müğənni Peruda tanıdığı bitki haqqında danışmasının ona problem yaratdığını qeyd edib.
Müdafiə tərəfinin vəkili Feyza Kayadibi bildirib ki, Güney həmin bitkini qədim müalicə vasitəsi kimi tanıyıb, onun qadağan olunduğunu bilməyib və insanları istifadəyə təşviq etmək məqsədi güdməyib. Vəkil müvəkkilinin bəraət almasını və məhkəmə nəzarətinin aradan qaldırılmasını istəyib.
Məhkəmə dinləmədən sonra Güney barəsindəki nəzarət tədbirini qüvvədə saxlayıb. İşin mahiyyəti üzrə rəy hazırlanması üçün materialların prokurorluğa göndərilməsi barədə də qərar qəbul olunub.