QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “SOCAR PETROLEUM” QSC və “KFC Azerbaijan” şirkəti SOCAR brendli yanacaqdoldurma stansiyalarında KFC restoranlarının sayını artırmaq barədə memorandum imzalayıb.
Razılaşmaya əsasən, qarşıdakı 12 ay ərzində “SOCAR PETROLEUM”un yanacaqdoldurma stansiyalarının ərazilərində yeni KFC restoranlarının fəaliyyətə başlaması nəzərdə tutulur. Şirkət ölkə üzrə geniş xidmət şəbəkəsinə malikdir.
Layihə yanacaq, 24 saat fəaliyyət göstərən xidmət infrastrukturu və KFC menyusunu bir məkanda təqdim etməyi hədəfləyir. Yeni məntəqələrin sürücülər, səfərdə olanlar və ailələr üçün xidmət imkanlarını artıracağı, KFC restoranlarını ölkə sakinləri və qonaqları üçün daha əlçatan edəcəyi bildirilir.
Təşəbbüs çərçivəsində yeni iş yerlərinin yaradılması və yerli kadrların inkişafı da nəzərdə tutulub. Şəbəkənin böyüməsi restoran sahəsində çalışan gənclərin peşə hazırlığı, karyera irəliləyişi və inkişafı üçün əlavə imkanlar yaradacaq.
Hazırda Azərbaycanda KFC-nin 42 restoranı fəaliyyət göstərir. Brendin əsas prinsipləri arasında məhsulların təzə hazırlanması və keyfiyyətin qorunması yer alır. Toyuq əti restoranlarda hər gün hazırlanır, parçalar isə KFC-nin özünəməxsus resepti ilə əl üsulu ilə panirlənir. Yeməklərin hazırlanmasında farş və emal edilmiş ət deyil, bütöv toyuq ətindən istifadə olunur.
Tərəflər əməkdaşlığın müştərilərə təqdim olunan rahatlıq və xidmət səviyyəsi baxımından yeni yanaşma formalaşdıracağını, həmçinin Azərbaycanın müasir yol infrastrukturu üçün əhəmiyyət daşıyacağını qeyd ediblər.