QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, professor və telejurnalist Qulu Məhərrəmli ilin əvvəlindən televiziya efirlərində aparılan dəyişikliklərin nəticə verdiyini düşünür. Onun sözlərinə görə, bayağı məzmun və etik qaydaları pozan davranışlar xeyli azalıb.
2026-cı ilin fevral-mart aylarında Azərbaycanda bəzi verilişlərin yayımı dayandırılıb, bir sıra müğənnilərin efirə çıxışına məhdudiyyət qoyulub. Bu qərarlar efir mədəniyyəti, bayağılıq və etik normalarla bağlı müzakirələrin fonunda qəbul edilib.
Məhərrəmli bildirib ki, tədbirlər məişət söhbətlərinin, etik qayda pozuntularının və tamaşaçı maraqlarının nəzərə alınmaması hallarının qarşısını almağa yönəlib. O, xüsusilə şou-biznes nümayəndələrinin efirdə etik normalara uyğun olmayan davranışlarını, eləcə də bəzi aparıcıların onlarla eyni səviyyədə çıxış etməsini ciddi problem kimi qiymətləndirib. Telejurnalistin fikrincə, hazırda belə hallara efirdə, demək olar ki, rast gəlinmir.
Professor hesab edir ki, televiziya kanalları fəaliyyətlərində gəlir əldə etməklə yanaşı, tamaşaçılara keyfiyyətli məzmun təqdim etməyə də üstünlük verməlidir. Bunun üçün hər məsələyə peşəkar yanaşılmalı, tamaşaçı maraqları əsas götürülməlidir.
Onun sözlərinə görə, verilişlərin məzmunu və iştirakçıların davranışları müəyyən çərçivələr daxilində olmalıdır. Televiziyanın başlıca məqsədi yalnız pul qazanmaq və kimlərinsə reklamını etmək olarsa, nöqsanların artması mümkündür. Buna görə də televiziya fəaliyyətinin bütün istiqamətlərində ciddi və peşəkar yanaşma vacibdir.